Bəqərə surəsinin 207-ci ayəsinin Əli (ə) haqqında olması şübhəsizdir. Belə ki, Müsəlmanların Məkkədən Mədinəyə yavaş-yavaş hicrət etdiyi zaman yeni mərkəzə sahib olacaq müsəlmanların qüdrət tapacağından qorxan müşriklər Allahın Rəsuluna (s) qarşı sui-qəsd planı hazırlayır. Qərara gəlirlər ki, gecə vaxtı Həzrət Peyğəmbər (s) yuxuda olarkən hücum çəkib onu qətlə yetirsinlər. Bu zaman vəhy mələyi nazil olub müşriklərin bu qərarını Peyğəmbərə (s) xəbər verir və bildirir ki, o, Məkkəni tərk edib Mədinəyə getməlidir. Bu həssas məqamda Peyğəmbərin (s) Məkkədən təhlükəsiz çıxması üçün «iz itirmək» taktikasından istifadə edilməli idi. Allahın Rəsulu (s) Məkkəni tərk etdiyi gecə fədakar və şücaətli bir şəxs onun yatağında yatmalı idi. Həmin şəxs isə Əli ibn Əbu Talib (ə) oldu. Allah bəqərə surəsinin 207-ci ayəsində Həzrət Əlinin (ə) bu fədakarlığını «canını Allah yolunda fəda edən» ifadəsi ilə vəsf edir. Amma bu ayəni tam anlamaq üçün özündən öncə olan son üç ayəyə müraciət etmək lazımdır. Həmin üç ayədə Allah ilahi düşməni bu şəkildə xarakterizə edir: İnsanlardan bəzisi adamı valeh edəcək tərzdə danışır, öz hədəfinə yetişmək üçün Allahı şahid gətirir. Belə ki, öz məqsədinə çatmaq üçün Yaradanı körpü qərar verir. Yəni müqəddəs bildiklərinlə səni aldatmağa çalışır və dəyər bildiklərin vasitəsilə dəyərlərlə mübarizə aparır. Allahı şahid gətirib tövhidlə vuruşur. Çox mərhəmətli danışır, eyni zamanda çox qəddar düşməndir. Amma elə ki, qüdrət sahibi oldu şəxsiyyətləri, nəsilləri və ilahi dəyərləri məhv edər. Ayədə maraqlı məqam Allah sözü gedən düşmənin fəliyytindən danəşarkən “sə’ə” ) سعی) felindən və “yucibukə qovluhu” ( يُعْجِبُكَ قَوْلُهُ ) ibarəsindən istifadə edir. Bu da onun çox hiyləgər, iradəli, gecə-gündüz ilahi və insani dəyərləri aradan aparmağa zərrə qədər süstlük etməyən bir şəxs olmasından xəbər verir. Bura qədər ayə insanı sanki məyus edir, ümidsizləşidirir. Amma Allah qəfil mövzunu dəyişir və “Mənim öz canından keçəcək qədər fədakar, cənnət sevgisi və cəhənnəm xofu üçün deyil, sırf Allah rizayəti üçün yaşayan bəndələrim də var” söyləyir. Bu cür şəxsiyyətlərin öndə gedəni və bariz nümunəsi Əlidir (ə). Ayədə sanki, Allah demək istəyir ki, bu növ xətərli batilə yalnız belə bir haqq qalib gələ bilər. Öz kefində yaşayan, yalnız özünü düşünən “haqq” isə bu cür düşmənin qarşısında aciz olar. Bəli, Quran məntiqinə görə Allah rizayəti üçün yaşamaq insana fədakarlıq ruhiyyəsi aşılayır və fədakarlıq belə bir insanı fərdilikdən çıxarıb məktəbə çevirir. Quranda iki növ ayə var. Bir ayədə Allah mömin bir insanı ağaca bənzədir. …كَشَجَرَةٍۢ طَيِّبَةٍ… (İbrahim surəsi, 24). Ağac oksigeni, kölgəsi, və meyvəsi ilə fayda verir, amma Allah digər ayədə bəzi insanları bağa bənzədir. …كَمَثَلِ جَنَّةٍ بِرَبْوَةٍ… (Bəqərə surəsi, 266). Bağla ağacın fərqi var. Ağac fayda verir, bağ isə fayda verən ağaclar yetişdirir. Yolun əvvəlində ağac misalında ola bilərik, amma sonrakı mərhələ üçün bizdən tələb olunan bağ misalında olmaqdır. Hünər də elə budur. Bu dünyanı tərk et, məktəbin qiyamətə qədər yaşasın. Ağac misalında deyil, bağ misalında ol. Fərd deyil, məktəb ol. Həzrət Əli (ə) məhz bu şəxslərdəndir. Bu məktəbin məzunları isə həqiqi intizar əhlidir və məhz bu məktəbin nümayəndələri İmam Zamanın (ə.f) zühurunu gerçəkləşdirəcək insanlardır.Ayənin sonunda Allah buyurur ki, ( وَاللَّهُ رَءُوفٌ بِالْعِبَادِ ) Mən rauf Allaham. Buna sübut, Mən sizə Əli (ə) kimi şəxsiyyətlər göndərmişəm. Bilmək lazımdır ki, yer üzərində Allahın razılığı üçün yaşayan və fədakar insanlar Allahın ülfət və mehribanlığının ən bariz nümunəsidir.
Ehlibeyt Alimi İlahiyatçı Yazar Ramil Bedelov
Salam